Azerbaycanlı Şair Təranə Turan Rəhimli’den “HAMI ÖZÜ QALA BİLMİR”

HAMI ÖZÜ QALA BİLMİR
Yad kölgəsinə sığınma
Nəfəsin çatmayan yerdə.
Köksünü vətən eləmə
Könlünə yatmayan dərdə.
**
Ətir saçma sağa, sola,
Dövrəni qara yel alar.
Qovub-qovub əldən salar,
Mərdi tanıtma namərdə.
**
Qalma zülmət arasında,
Yarasa mağarasında.
İnananlar sırasında
Gözlə, günəş doğar bir də.
**
Bir ocağa su calama,
Daş qəlbdə tonqal qalama.
Qaçıb gendə daldalanma,
Qal təkcə qəminlə hərdən.
**
Haqq nazilir, ələ gəlmir,
Hamı özü qala bilmir.
Ömür sözə dola bilmir,
Söz ömrü yaşa şeirdə.
**
Təranə Turan Rəhimli