Günün Şiiri: Arxasınca ağladığım o bahar,

Arxasınca ağladığım o bahar,
Bitirilmiş bir siqaret qutusu.
Üfüq boyu qatarlanan durnalar,
Yarpaqların sarı xəzəl qorxusu.

Tramvaylar boş tərpənir bu dəfə,
Yaxınların sərnişini azalıb,
Bax yenə də yağışlara hədəfəm,
Saatı qur ayrılığa az qalıb.

Çox çətindir nəfəs almaq gümansız,
Hər inamın arxasında aldanış.
Dənizlərin dərinliyi amansız,
Balıqların baxışında yalvarış.

Badə-badə şərab olub ağrılar,
Sərxoşluğun faydası yox kədərə.
Bax, gözümdə dünya boyda ağrı var,
Bax özüm də ağrılardan betərəm.

Dodağımda tüstüləyən zəhrimar,
Döşəməyə sındırdığım güzgülər,
Nə bilir e küçədəki adamlar,
Nə anlayır duruşumdan özgələr?

Çox çətindir təkliyimi ovutmaq,
Sətir-sətir şeir etmək həsrəti.
İnsanların adətidir unutmaq,
Yarpaqların intihardır adəti.

Arxasınca ağladığım o bahar…

Arzu Hüseyin-Azerbaycan