Günün Şiiri: TƏRANƏ TURAN RƏHİMLİ’den “HƏSRƏT QALDIĞIM DOĞMALAR”

HƏSRƏT QALDIĞIM DOĞMALAR

TƏRANƏ TURAN RƏHİMLİ

Burdan qərib Bezansona –

Hüqoya beş addım yoldu,

Ruhum qalan Panteona

Qatar yolu neçə əsr?

Yenə fikrim uzaqlarda,

Qraf Tolstoyda qaldı

Payız… Yasnaya Polyana…

O kədərli, köhnə qəsr.

Ryazanda meşə yolu,

Ağcaqayın sağda, solda.

Bir şeirlə zəncirlənib,

Ruhum Yeseninə əsir.

Qocalıb Puşkin dağında,

Bir ağacın gözü doldu.

Bu yaz da gedə bilmədim,

Yenə hər ilki kəm-kəsir…

Peterburqda bir tələbə

Ömründən-günündən oldu.

Edamdan dönən yazarın

Səsi qulağımda gəzir.

Gecəyarı… könül yenə

Gör kimləri yada saldı?!

Gör nə qədər doğmalar var,

Həsrəti qəlbimi əzir.