Özünü Unutmuş Adam

Özünü Unutmuş Adam

GÜLAYƏ KONUL

Onun haqqında xalq şairi Nəriman Həsənzadə “Sərvazın gözəl ürəyi” – deyə söz açır… Görkəmli yazıçı Qərib Mehdi “Sərvaz mənim qabarlı əllərimdi” yazır. Başqa deyilənlər də var; bu sırada xalq yazıçıları Anarın, Elçinin, Sabir Əhmədlinin, xalq şairləri Fikrət Qocanın, Sabir Rüstəmxanlının, professorlar Qəzənfər Paşayevin, Nizami Cəfərovun, Nizaməddin Şəmsizadənin adları lap başdan gəlir.
Tanınmış şair Qəşəm Nəcəfzadənin “Mən dərman atdım, Sərvaz udqundu” – misrası qələm dostumuz S.Hüseynoğlunun ruhi-mənəvi aləminin geniş miqyasını şərhə ehtiyacı olmayan şəkildə ifadə edir. Qəşəmin başqa bir deyimi də var: “Fəxri Xiyabanda saatı soruşdum, Sərvaz burda saat əbədiyyətə işləyir dedi…”
Gəlirəm görkəmli şair Barat Vüsalın Sərvaza həsr etdiyi şerin üzərinə:

Özümsən,
dözümsən, tabsan, görmüşəm,
Necəsən sinəsi dolu əmioğlu?

Atamız gedəndə qoyuna gedib,
Kasıbın-kusubun hoyuna yetib,
Bütün peyğəmbərlər çobanlıq edib,
Əssalam, peyğəmbər oğlu əmioğlu.

Baratın Sərvaza müraciətindəki “özümsən” sözü söz xatirinə deyilmiş sözlərdən deyil. Barat bürcündən, zövqündən və insanlığından gələn qələm dostları həmişə birmənalı olaraq özlərini Sərvazda tapa bilmələrinin şükranlığını yaşayıblar. Ona görə ki, Sərvazın sənətə, şeirə-sözə, mənəvi dəyərlərə baxışı, münasibəti peyğəmbər əxlaqından gəlir. Özünün yazdığı kimi, o, insanlığı özündən əvvəl dünyaya gələnlərdəndi. Qədirbilən və vəfalıdı. Söz sənətimizin hücrəsində Məcnun ömrü yaşayanlardandı. Və onun şeirləri ilk növbədə özünün iç dünyasının, səmimiyyətinin poetik şəkillənmələri, sözlə ifadəsidi.
Ömrünün ilk gənclik illərində qələmə aldığı poetik nümunələrlə 40-50 yaşında yazdığı şeirlərin poetik səviyyəsini müqayisə etmək istəyirəm və baxıb görürəm ki, Sərvaz şeir cığırlarıyla iməkləməyib; bu aləmə bitkin şair kimi gəlib. Lap birinci, ilk şeirində o, şairdi. Və bu şairliyi xüsusi, yaşından çox-çox böyük bir dünyagörmüşlük, təkzibedilməzlik izləyir. Adama elə gəlir ki, o, ömrünün bütün mərhələlərində eyni müdrik məntiqlə, sənətə aşinalıqla yazıb-yaradıb. Bu mənada Sərvazın sənətkar yaşı doğum təvəllüdündən çox-çox qədimlikdən gəlir.
Sözümə qüvvət, Sərvazın lap ilk qələm təcrübələrindən, deyək ki, 18-20 yaşında yazdığı şeirdəndi…

Bu da son təsəlli… sozaldı, söndü,
Hələ qabaqdaymış düman, çən demə.
Ayaq səslərinə oxşadıb döndüm,
Xəzan yarpağıymış düşən sən demə.

“Kökü qəlbimizdən dərinə getmir ürəkdə bitməsə bu Vətən, demə…” dünyagörmüşlüyü, bitkinliyi də həmin şeirdən gəlir.
Bu misralar da elə həmin 18-20 yaşda qələmə aldıqlarıdı:

Ərk yerim çox idi ərk eyləyincə,
Utandım səhvimi dərk eyləyincə,
Bu gülünc dünyanı tərk eyləyincə
Gedib o dünyanı görüb qayıtdım.

Düzüydü, səhviydi – bu yolu getdim,
Qəlbimi düzlüyə su yolu etdim.
Qərib durna yolu, qu yolu etdim,
Gedim o dünyanı görüb qayıtdım.

Bir az bəri, Sərvazın 25-30 yaş dönəmində yazdığı şeirlərin üzərinə gəlirəm. Və heç bir vəchlə bu kövrək, duyğulu misraların üzərindən etinasız ötə bilmirəm:

Çoxdan oynamağı yadırğamışdım,
Yenə də göynətdi məni bu hava.
Bu çalğı çalanlar qəsdimə durdu,
Oynağan öyrətdi məni bu hava.

Səni də duyuram, birdi qanımız,
Axıb göz yaşımız üzə oynayır.
Oyun havasıyıq sən, mən, hamımız,
Tale əl götürüb bizə oynayır.

Sənin qəlbin kövrək, mənim dilim lal,
Çatmaz mənzilinə eləsək giley.
Çalanlar havanı çoxdan dəyişib,
Bizsə o havaya oynayırıq hey…

Bu yazılanları oxuyuram və istər-istəməz qayıdıram Barat Vüsalın Sərvazın şair taleyi, yaşamı barədə yazdıqlarının həqiqətinə… Barat haqlıdı ki, Sərvazı öz yaradıcılığına biganəliyinə görə xıncım-xıncım etmək azdı. Və bu da Baratın gözəl qəlbinin etiraflarıdı: “Müdrik Konfusti o şəxsləri kamil insan hesab edirdi ki, hansı faydanı əldə edəcəklərini düşünmədən, nə qədər çətin olursa-olsun, xidmət etməyi ön plana keçirirlər… Qələm dostum Sərvaz Hüseynoğlunun zəngin və çoxşaxəlı yaradıcılığının ümumi mənzərəsini göz önünə gətirəndə istər-istəməz bu müdrik kəlamı xatırlayıram. Başlıca səbəb odur ki Sərvaz ədəbiyyat işinə ləyaqətlə xidmət edib. …Vaqif Bəhmənlinin 60 yaşına həsr olunmuş yubileyə televiziyada baxdıqdan sonra zəng edib onu təbrik etdim. Bir çox sevinc dolu fikirlər qarşılıqlı olaraq, telefon söhbətimizdə yer alsa da, şairin bir nagahani fikri məni bərk silkələdi:
– Sizinlə genişlənirik!
Telefon söhbəti başa çatdı. Ancaq gördüm ki, ürəyimdə deyilməmiş bir söz qalıbmış. Gərək mən də ona deyəymişəm:
– Sizinlə böyüyürük!
Sərvaz Hüseynoğlunun özü və sözü haqqında düşünəndə hər iki fikir yenidən yadıma düşdü. Gördüm ki, Sərvaz Hüseynoğluya da çox yaraşır həmin sözlər:
– Sizinlə genişlənirik. Sizinlə böyüyürük.
…Səhərdən bəri insan ovcundakı bir parça gildən-xoşbəxtlik iksirindən danışıram.
Sərvaz Hüseynoğlunun “Şairlərin ən gözəli” adlı şeirlər kitabındakı “Xoşbəxtlik” şeirini bir daha oxuyuram və baxıram ki, bu şair xoşbəxtliyin nə olduğunu bilirmiş. Öz taleyini (xoşbəxtliyini) çoxdan unudubmuş və çoxdan tapıbmış!
Ona görə də yazırmış (yaza bilirmiş!):

Məleykə oluram yuxularda mən,
Dostum, bu yuxunun tarixi qədim.
Olur ki, Tanrıyla dil tapıb hərdən
Enirəm çiyninə Məlikməmmədin.

Çəkib qanadımın bir lələyini,
Yetim Fatmalara tale yazıram.
Qəriblər, yandırın bir lələyimi,
Sizin yanınızda vallah, hazıram!

Bir lələk sal deyib çağırır məni,
Təbrizin tarixə şahid yolları.
Barmağı tutmur ki, lələklərimi,
Yandıra Babəkin şəhid qolları!

Məleykə donunda özüm-özümə
Baxıb görürəm ki, susuzam, acam.
Hanı, bir pak ağac dəymir gözümə
İlahi, yorulsam hara qonacam…

…Bu yazıyla qələm dostuma demək istərdim ki, soyunma şair köynəyini.
Bu köynək sənə daha yaxşı yaraşır.
Ona bir daha xatırlatdıq ki, şair olduğunu heç vaxt unutma (özünə də, oxuculara da yazığın gəlsin)”.
Baratın bu unudulmaz və duyğulu fikirlərini oxuduqca yadıma heç vaxt üzünü görmədiyim, lakin 70-80-ci illər gəncliyinin fikirlərini ədəbi meyar kimi qəbul etdikləri yazıçı-publisist Vidadi Məmmədovu düşünürəm. Haradasa elə bilirəm ki, Bidadinin ruhu, ədəbiyyata münasibəti, söz duyumu Sərvazda yaşayır.
Görkəmli şair Vaqif Bəhmənlinin fikirlərini xatırlayıram: “Qəşəm Nəcəfzadənin şeirlərində, xatirələrində bir Sərvaz obrazı var. O obrazla tanış olarkən mən elə bildim ki, dost-doğma, mənimlə əkiz olan qardaşımı tapdım”. Və yaxud professor Nizaməddin Şəmsizadənin dedikləri: “Səvaz bizim ağına-bozuna baxmadan dediyimiz, yazdığımız fikirlərin ağız-burnunu düzəldib urvata mindirən bir söz adamıdı…”
Bütün bunlar öz yerində. Ancaq mənə elə gəlir ki, daha çox Sərvazın poetik istedadının etirafı baxımından Barat Vüsalın fikirləri daha orijinal və ədalətli bir münasibətdi: “Vaxtilə bəxtimi sınamaq üçün “görücünün” mənə təqdim etdiyi bükülü kağızı açıb oxumuşdum: “Sən həmişə öz xoşbəxtliyinlə üz-üzə gəlirsən və ondan yan keçirsən. Sərvazın qələm dostu başqa nə cür olmalıydı ki? Təkrar edirəm, zamanında dönə-dönə Sərvaza “özünü unutma” deməkdən yoruldum. Əvəzində o, özünü unutmaqdan yorulmadı. Ona özünü unutma dedikcə daha da unudur özünü, unudur hər şeyi… Ancaq ətini kəssən də, unutmadığı (və unudulmaz olan) nəsnələri də ona unutdura bilməzsən. Məsələn, Yaxşılığı! İnsanlığı! İpək yumşaqlığını!.. O, az yazır, amma şair kimi yazır! Ac qalar, kimsəyə bildirməz, təki şair məqamında, şair varlığında yaşasın deyə…
Özünü yazdığı kimi, Sərvazın gözlərinin dərinliyində, yaddaşının lap alt qatında “bir cıdır meydanı, boş bir səhra var… Ora yollar getməz, getməz, göz işləməz, könül yetməz”. Bax, o əlyetməzlikdən boylanıb yazır bu misraları da:

Gülü-çiçəyi tapdayıb
Namaza tələsən adam…
Düşündüm, cavab tapmadım
Sən niyə beləsən, adam?

Qıvrılıb qında yatırmı?
Doğulmağa can atırmı?
Tanrım, gümanım çatırmı
Mən Səndən diləsəm adam?

Sərvaz Hüseynoğlu canı xəyallarının qanadlarında olan bir şair ömrü yaşayır. Bilir ki, aşıq olan, şair olan usanmaz! Deyir ki:

Canım xəyalımın qanadlarından,
Enməz, torpaq olub çürüməyincə!

Belə şeyləri, belə həqiqətləri və reallıqları bilməyinə baxmayın Sərvazın.

Sərvaz yaman “unutqandı”.
Sərvaz özünü unutmuş adamdı…”

Sərvazın haqqında az yazılmayıb. Onun barəsində yetərincə sayılıb-seçilən söz adamlarının fikirləri var. Bu yazıda mən, əsasən, deyilənlərin, yazılanların bir qismini eyni qübbə altına gətirdim, yada saldım. Demək istədim ki, özünü unutmaq söz adamının, söz Məcnunlarının öz haqqıdı. Onun haqqını etiraf etmək isə bizlərin boynuna düşür. Və yenə qayıdıram Sərvazın 18-20 yaş arasında yazdıqlarının üstünə. Təkrar edirəm ki, o, həmin yaşın özündə belə bir şair kimi, bitkin, qos-qoca və unudulmazdı. Həmişə də belə qalıb:

Sürünür tinlərlə axşam kölgəsi,
Sürünür Dantesin çuxası kimi.
Günəş qürub edir, qızarır hava
Şair köynəyinin yaxası kimi.

Güllə nişan alıb, nizə teyləyib,
Geyib-sonulmaqdan kam almayıbdı.
Şair köynəkləri macal eyləyib
Bir qız əllərində yamanmayıbdı.

Şair köynəyidir hər yeni söz də,
Hər yeni nəğmə də şair köynəyi…
Hələ isinməmiş bir xoş nəfəslə
Dinər yaxasında güllə göynəyi.