Salı , 19 Haziran 2018
Download Free FREE High-quality Joomla! Designs • Premium Joomla 3 Templates BIGtheme.net
Anasayfa / Haberler / SAĞLIĞINDA HEYKƏLLƏRİ UCALDILAN  FENOMEN İNSAN

SAĞLIĞINDA HEYKƏLLƏRİ UCALDILAN  FENOMEN İNSAN

SAĞLIĞINDA HEYKƏLLƏRİ UCALDILAN FENOMEN İNSAN

PROF. DR. QƏZƏNFƏR PAŞAYEV

Türk dünyasının  iftixarlarından biri – İhsan Doğramacının anadan olmasının 93-cü il şənliklərində ailəlikcə iştirak etmək üçün dəvət alanda xəyal məni ağuşuna alıb bir neçə il əvvələ – 1995-ci ilə apardı.  Prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə İhsan Doğramacının 80 illik  yubileyi dövlət səviyyəsində  keçiriləcəkdi. Burada xüsusi qeyd etməliyəm ki, bu iki tarixi şəxsiyyətə xas olan qurub-yaratmaq eşqi, iti ağıl, zəka,  təfəkkür, pərəstiş ediləcək müdriklik onları dahilər mərtəbəsinə yüksəltmiş, dostluqlarına zəmin yaratmışdı. Bu əbədi  dostluğun ilk töhfəsini 1994-cü il noyabr ayının 1-də öndərimiz Heydər Əliyevin başçılığı ilə, onun təyyarəsində Türkiyəyə – Füzulinin  500  illik yubileyinə gedəndə görmüşdük. Bütün  təşkilati işləri və  məsrəfləri prof. İhsan Doğramacı öz üzərinə götürmüşdü.

Buna qədər  elm və səhiyyə sahəsində nailiyyətlərinə görə Xocamız Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü və  N.Nərimanov adına Tibb Universitetinin fəxri doktoru seçilmişdi. Bu böyük alim  haqqında Azərbaycanda ictimaiyyətin  bildikləri bu qədər idi.

Lakin gün kimi aydın idi ki, Azərbaycana böyük bir şəxsiyyət, özü də Azərbaycanla bağlı bir şəxsiyyət gəlir, əkstəqdirdə öndərimiz bu işə rəvac verməzdi.

Türk aləminin görkəmli simalarından biri, İraq türkmanlarının  güvənc yeri İhsan Doğramacının Azərbaycana gəlişini böyük intizarla, ürək çırpıntıları ilə  gözləyənlərdən biri də mən idim. Buna səbəb vardı. Nizami adına Ədəbiyyat İnstitutunun İçərişəhərdə yerləşən «Folklor Elm Mərkəzi»ndə  yaratdığım «İraq türkman Ədəbiyyatı və Mədəniyyəti»  muzeyini İhsan Doğramacı açacaqdı. O, nümayəndə heyəti ilə birgə muzeyin açılışına gəldi. O gün ömrümün ən şirin anlarını yaşadım…

Bilərəkdən tətil  vaxtına salınan ad günü şənliklərinə dəvətnamədə Azərbaycanda yaxşı tanınan, gözəl şairə Nəsrin Ərbil  təmənna etmişdi ki, mümkün olsa bir azərbaycanlı qadın   müğənninin on gün çəkəcək şənliklərdə iştirakını təmin edim. Nəsrin xanımın təmənnası məni təəccübləndirmədi. Xocamızın  İraq türkman musiqisi ilə eyni kökdən olan Azərbaycan xalq musiqisini ürəkdən sevdiyini hamı yaxşı bilir.  Sərvər Quliyev başda olmaqla 20 nəfərdən çox azərbaycanlı  musiqiçinin akustik cəhətdən Türkiyədə ən yaxşı  Konsert  salonu olan Bilkənt Universitetində işləməsi, xalq artisti Arif Məlikovun İhsan bəyə simfoniya həsr etməsi çox mətləblərdən söz açır.

Müğənni məsələsini mümkün olan bir iş kimi məmnuniyyətlə qəbul etdim. Eyni zamanda bu dahi şəxsiyyəti  soydaşlarımıza daha yaxından tanıtmaq üçün vicdan borcu amacilə bu   məqaləni yazmaq qərarına gəldim. Məqaləni yazarkən Doğramacının gənclik dostu, uzun müddət Türkiyədə Parlamentin  üzvü və Səhiyyə naziri olmuş, İhsan Doğramacıya kitab həsr etməyə mənəvi haqqı olan, bilik səviyyəsinə görə buna səlahiyyəti çatan prof. Cəlal Ərtuqun «Türkiyədə və dünyada İhsan Doğramacı fenomeni» (Ankara, 1996) və alimin əmək fəaliyyətinin 65 illiyinə həsr olunan «Qəlbində uşaqlar, beynində gənclər» (Ankara, 2003, ingiliscə) kitablarından qədərincə bəhrələndim.

Ömrünün 94-cü ilini yaşayan İhsan Doğramacı 1915-ci il aprel ayının 3-də İraqın Türkman şəhəri Ərbildə çox zəngin  Doğramacızadələr ailəsində anadan olmuşdur.  Əli Paşa Doğramacızadənin beş övladının ən böyüyü İhsan idi. İlk təhsilini Ərbildə türkcə olan İhsan bəy orta təhsilini Beyrutda  Amerika Universitetinə bağlı Beynəlmiləl Kollecdə tamamlayıb (1932). Sonra isə İstanbul Universitetinin  Tibb fakültəsini bitirib (1938). 1942-ci ildə Bağdadda Amerika Qız Kollecinin məzunu, adlı-sanlı ailədən olan  Aysər xanımla evlənib. Üç övladları vardır: Şərmin, Əli, Osman. Aysər xanımla ailə qurduqdan sonra o,  ABŞ-da Harvard və Vaşınqton Universitetlərinə bağlı xəstəxanalarda pediatriya üzrə assistent və aspirant olmuşdur. 1947-ci ildə Türkiyəyə qayıdaraq Ankara Universitetinin Tibb fakültəsinin Uşaq Sağlamlığı və Xəstəlikləri  bölümündə müəllim işləyib. Bizim fikrimizcə, ABŞ-da keçən beş il İhsan Doğramacının həyatında  dönüş, istiqamətverici, bəlkə də təkanverici illər  olub. 1949-cu ildə dosent, 1954-cü ildə professor seçilib. Lakin bu uğurlarla kifayətlənməyib.

Bəzi həmkarları onu xəyalpərəst adlandırırdılar. Çünki o, tez-tez gələcəkdə tibbin vəziyyətindən, Univrsitetlərdə müasirləşmədən söz açır, yeni-yeni fikirlər irəli sürərdi.  Bu, Harvard Universitetində işlədiyi və biliyini təkmilləşdirdiyi zaman qazanılmış təcrübə və təhsilə əsaslanırdı. Alimin «Yeni Dünya»dan gətirdiyi yeni ideyalar onun qarşısında geniş üfüqlər açırdı. 1954-cü il aprelin 3-də «İhsan Doğramacı Vəqfi» yaradılmış (fikir verin Doğramacının anadan olan günü), eyni zamanda «Hacəttəpə Uşaq Sağlamlığı İnstitutu Vəqfi», «Hacəttəpə Tibb Mərkəzi Vəqfi» və «Hacəttəpə Universiteti Vəqfi» qurulmuşdur.

Bundan əlavə, Doğramacı «Uşaq Sağlamlığı Klinikası və İnstitutu» adında bir bölümün yaradılmasını ortaya qoymuşdu. ABŞ, İngiltərə və başqa ölkələrdə «Uşaq Sağlamlığı» bölümünün olduğuna dair zəruri sənədləri toplayıb Səhiyyə nazirliyinə təqdim etmişdi. Səhiyyə naziri bu işə baxmaq üçün Komissiya yaratmış və layihə komissiyada səsçoxluğu ilə qəbul olunmuşdu. Bu qərarla Hacəttəpə Uşaq Sağlamlığı Klinikası və İnstitutunun gələcəkdə Hacəttəpə Tibb fakültəsinin və sonda Hacəttəpə Universitetinin təməli qoyulmuş oldu.

14 iyul 1954-cü ildə Uşaq Sağlamlığı İnstitutunun təməli atılır. Doğramacı ikinci bir mühüm işə başlayır. Həyata keçirəcəyi reformalara uyğun olaraq qabiliyyətli gəncləri seçib öz hesabına ABŞ-ın məşhur universitetlərinə oxumağa göndərir (Yuxarıda demişdik ki, İhsan Doğramacı zəngin bir ailədə anadan olmuşdur. Atası Əli Paşa Ərbilin Bələdiyyə başqanı olmaqla ingilislərin idarə etdiyi Neft şirkətində xeyli payı vardı). Eyni zamanda Xaricdən gənc mütəxəssisləri işə dəvət edir.

Uşaq Sağlamlığı İnstitutuna hüquqi şəxs səlahiyyəti alan İhsan Doğramacı bundan lazımınca yararlanır və Türkiyədə ilk dəfə olaraq 1961-ci ildə Fizioterapiya və Reabilitasiya, Tibbi Texnologiya, Dietik Nurisyon (qida) ali məktəblərini və Tibb Bacıları məktəbini açır.

İndi Hacəttəpə Uşaq Sağlamlıq İnstitutu və Xəstəxanası İhsan Doğramacının adını daşıyır. 1994-cü ildən altımərtəbəli bu möhtəşəm binanın önündə onun əzəmətli heykəli ucalır.

İhsan Doğramacı Hacəttəpə Universitetini, xüsusən də Hacəttəpə Tibb fakültəsini qurduqdan sonra mütəxəssislərin fikrincə tibbi təhsildə əlli illik bir    sıçrayışa nail olmuşdu.

1960-cı ildə Hollandiyanın «Aldemeen Dagblad» və «De Teleqraf» qəzetlərində «Tibbdə reforma həyata keçirən türk» başlıqlı məqalədə yazırdılar ki, biz Türkiyəyə iqtisadiyyatı dirçəltmək üçün Jan Tenbergeri göndərdik, indi isə Türkiyə bizə tibb sahəsində məsləhət görmək üçün prof. İhsan Doğramacını göndərdi.

1966-cı ildə İngiltərə Kral Cəmiyyətinin çox nüfuzlu mütəxəssislərdən ibarət nümayəndə heyəti Hacəttəpə Tibb fakültəsinin tədris işləri ilə tanışlıqdan sonra komissiyanın sədri, London Universitetinin Tibb fakültəsinin dekanı Ser Briyan Vindeyer «Participant Journal»də yayımlanan yazısında göstərmişdir: «İngiltərədə həyata keçirmək istədiyimiz təhsil sistemi Hacəttəpədə həyata keçirilməkdə olan sistemin eyni olacaqdır».

Komissiyanın üzvü, Qlazqo Universitetinin Tibb fakültəsinin dekanı Çarlz Mənn Fleminq isə yazmışdır: «Hacəttəpədə nail olunan səviyyə inanılmayacaq bir müvəffəqiyyətdir».

Deyirlər, Universitet yaratmaq bəxt, bacarıq və qabiliyyət tələb edir. Böyük yaradan bütün bunların hamısını İhsan Doğramacıya əta etmişdir. Və o, yaradanın bu payından qədərincə bəhrələnmişdir.

İhsan Doğramacının həyatda amalı həqiqətən də Türkiyənin təhsil sistemini müasirləşdirmək və bunun sayəsində Türkiyəni istər texnoloji, istrəsə də başqa cəhətdən inkişaf etmiş qabaqcıl ölkələr sırasında görmək olmuşdur. Xocamız İslam dinini və müqəddəs kitabımız Qurani-Kərimi əla bilir. Peyğəmbərimizin kəlamlarından da xəbərdardır: «Altmış il ibadət qılmaqdan, bir gün elm öyrənmək daha savabdır». İhsan Doğramacı nəinki öyrənir, eləcə də başqalarını bacardığı şəkildə öyrədir. O bütün dünyada tanınan və görkəmli elm adamı, reformator və yenilikçi kimi etiraf edilən bir şəxsiyyətdir. Akademik Əhliman Əmiraslanov çox mətləbləri ifadə edən bircə cümlə ilə bu dahi şəxsiyyətin qət etdiyi, enişli-yoxuşlu yola nəzər salaraq qətiyyətlə deyir: «Bu gün dünyada səhiyyə və təhsil sahəsində elə bir zirvə yoxdur ki, onu İhsan Doğramacı fəth etməmiş olsun, elə bir mükafat yoxdur ki, almamış olsun».

Türk, ingilis, fransız, ərəb, fars, alman dillərini mükəmməl bilən İhsan Doğramacı planetimizin heç bir ölkəsində çətinlik çəkmədən sərbəst hərəkət edir, insanlarla təmasda ola bilir.

  1. Nərimanov adına Tibb Universiteti və Bakı Dövlət Universiteti də daxil olmaqla dünyanın bir çox universitetlərinin: Helsinki (Finlandiya) Qlazqo (Şotlandiya), Qahirə, Ayn Şəms (Misir), Tokio, Soka (Yaponiya), Santo Dominqo (Dominikan), Nebraska (ABŞ) və s. fəxri doktorudur.

Hindistan, Azərbaycan və s. Elmlər Akademiyalarının fəxri üzvüdür.

Bir çox məşhur şəxsiyyətlərlə öz ölkələrində görüşmüşdür.

Azərbaycan prezidenti Heydər Əliyev, sonralar isə prezident İlham Əliyev, Həbəşistan İmperatoru Haile Selasiys, Argentina prezidenti İ. Peron Çili prezidenti Eduardo Frei və Pinoçet, Dominikan prezidenti De Jaquin Balaquer, Fransa prezidenti: Jak Şirak, Hassan bin Tallat, II Papa İoann Pavel, Şimali Kipr prezidenti: Rauf Dənkdaş, Futbolçu – Pele, ABŞ kosmonavtları Nil Armstrong, Edvin Aldrin, Mishael Solins və başqaları ilə görüşləri.

İhsan Doğramacı, eləcə də Ankarada: Konrad Adenauer, Çarlz de Qoll, Corc Buş, Marqaret Tetçer, Hüsnü Mübarək, Fransis Mitteran, Mario Soares, Mixail Qorboçov, Haşimi Rəfsəncanı, yeni müstəqilliklərini qazanmış Türk Dövlət başçıları, bir çox Nobel mükafatı laureatları ilə görüşmüş, adı çəkilənlərin çoxunun şərəfinə evində ziyafət vermişdir.

İhsan Doğramacının anadan olmasının 80 illik yubileyi Misir, İngiltərə və ABŞ-da arzuolunan səviyyədə qeyd olundu. Türkiyə və Azərbaycanda isə dövlət səviyyəsində təntənəli şəkildə keçirildi. Opera və Balet teatrında keçirilən təntənəli yığıncaqda prezident Heydər Əliyev yubilyarın əməyini yüksək qiymətləndirmişdir: Elmdə, mədəniyyətdə, səhiyyədə, ictimai və siyasi fəaliyyətdə ən yüksək zirvələrə çatdınız. Bunlar sizin şəxsi müvəffəqiyyətlərinizdir. Eyni zamanda bunlar türk xalqı üçün, Azərbaycan xalqı üçün, Azərbaycan Respublikası üçün böyük bir iftixar qaynağıdır. Sizin bu həyat yolunuzda, yaradıcılığınızla və nail olduğunuz bu böyük işlərlə biz fəxr edirik. Fəxr edirik ona görə ki, belə böyük soydaşımız var və bu soydaşımız bütün türk millətinə məxsusdur… Fəxr edirik ki, belə böyük bir insan Azərbaycana məxsusdur, belə bir insan bizim ana torpağımız Azərbaycana mənsubdur…

Bu gün sizin 80 yaşınızı qeyd edərkən bir xüsusa da toxunmaq istəyirəm. Sizi hər yerdə sevirlər, Türkiyədə sevirlər, Avropada sevirlər, Amerikada sevirlər.  Sizi sevirlər ona görə ki, siz fədakarlığımızla dünya mədəniyyətinə, zəkanızla dünya elminə xidmət göstərirsiniz».

Bundan sonra Prezident Heydər Əliyevin təlimatı ilə prof. Ömər Eldarov İhsan Doğramacının heykəlini düzəldi və 2002-ci ilin iyun ayında Bilkənt Universitetində heykəlin açılışı oldu.

Heydər Əliyev özünə məxsus təmkinlə mərasim iştirakçılarını haldan-hala salan, heyran edən nitq söylədi: «Mən şəxsən insanların sağlığında onlara heykəl ucaldılmasının əleyhinəyəm. Ancaq hər kuralın (qaydanın) bir istisnası vardır. İştə bu istisna İhsan Doğramacının yaşadığı bir zamanda heykəlinin qoyulmasıdır. Və bu istisna qərarını mən verdim və heykəlin açılışı üçün bu an Ankaradayam.  Bu heykəl Türkiyə ilə Azərbaycanın bir millət, iki dövlət olaraq sarsılmaz dostluğunun bir simvoludur».

Yeri gəlmişkən deyim ki, bu iki dahi şəxsiyyət arasındakı dostluq bu gün də öz bəhrəsini verir. İhsan Doğramacı öndərimizə həsr etdiyi bir məqaləsində bəyan edir: «Heydər Əliyevin dostu olmaq mənim üçün bir sevinc və iftixar qaynağıdır».

İhsan Doğramacı bir fenomendir – desək yanılmarıq. O, Türkiyədə heç kəsin qazanmadığı «Xoca bəy» ləqəbini qazanıb. Heç kəs ona «Sayın rektor», «Sayın başqan» demir. Ona çox şirin səslənən «Xoca bəy» deyə müraciət edirlər.  Yerinə və zamanına görə ona başqa ləqəblər də vermişlər: «Abidə insan», «Olay insan», «Kompüter insan», «Xəyallarını gerçəkləşdirən insan», «Dövlət kimi adam», «Ölkəmizin üz ağı», «Özünü təhsilə həsr edən insan», «Universitetlər quran insan», «Fenomen insan» və s.  kimi ləqəblər ona olan heyranlığı, yaxşı mənada həsədi əks etdirir.

İhsan Doğramacı dünyanın 224 ölkəsinin hədəfi daim qədirşünaslıq olan orden, medal və nişanlarına layiq görülmüşdür. Bu təltiflər arasında Azərbay­canın yüksək istiqlal ordeni və Türkiyənin ən yüksək «Dövlətə üstün Xidmət» medalı da vardır. Dövlətə xidmətə görə Türkiyədə Doğramacı bu medala layiq görülən 4-cü şəxsdir.

Lakin buna qədər İhsan Doğramacının keçdiyi yol heç də həmişə hamar olmamışdır. Bu yenilməz, olmazı olur hala gətirə bilən, mənfiləri müsbət edə bilən qeyri-adi insan maneələrlə də qarşılaşmış, Şərq aləminə məxsus həsəd, qısqancılıq, paxıllıqla üzləşmişdir. Ankara Universitetinin rektoru olanda da, 1967-ci ildən fəaliyyətə başlayan, hər yöndən Qərb Universitetlərinə bərabər olan Hacəttəpə Universitetinin rektoru olandan da onu gözügötürməyənlər olmuş, özəl Hacəttəpə Universitetinin ya bağlanmasını, ya da dövlətin hesabına keçməsinə nail olan qüvvələr baş qaldırmışdı. Lakin özəl Hacəttəpə Univrsitetini qapanmağa çalışanlar yaxşı bilirdilər ki, ABŞ-da dövlət büdcənin 33 faizə qədərini belə universitetlərə yardım edir.

İhsan Doğramacının gördüyü işin miqyasını dərk edənlər də az deyildi. Əhməd Emin Yılman «Gördüklərim və keçirdiklərimi» adlı kitabında yazırdı: «Türkiyədə iqtidarı ələ keçirənlərə son bir tövsiyəm var. Mənəm-mənəmliyə və qudurğanlığa özünüzü təslim etməyin… Yaxşı niyyətlərlə iş başlayın. Keçdiyimiz yollara baxanda, kənd institutlarının yıxılmasından içim göynəyir. Bunlar 20 il də vəzifəyə davam etsəydilər, bu gün çox inkişaf etmiş bir Türkiyə olacaqdıq. Böyük maarifçi-tərbiyəçi Tonquçun qədrini bilmədik. Bu gün də başqa böyük bir tərbiyəçi-maarifçinin, yaradıcı professor İhsan Doğramacının, onun meydana gətirdiyi o alovlanan Hacəttəpə ocağının qədrini bilmirik. O indi bu ocağı yıxmağa özünə vətəndaşlıq borcu bilənlərlə qarşı-qarşıyadır.

Çətin Əmeç isə «Hürriyyət» qəzetində yazırdı: «İnsaf, vicdan, şərəf kimi müsbət keyfiyyətlərdən uzaq olan bir çox insanlar, tikməkləri bir yana dursun, indi yıxmağı özlərinə şərəf borcu hesab edirlər».

Bununla belə, güclü maliyyə imkanlarına malik, haqsızlıqlara boyun əyməyən Doğramacı inciəyərək ölkəni tərk edir.

1975-ci ildə Fransa Nazirlər Kabinetinin qərarı və Fransa prezidentinin razılığı ilə Paris Universitetinə professor təyin edilir. Bu hadisə onun Avropada necə bir nüfuzlu alim, şəxsiyyət olmasına dəlalət edirdi.  1981-ci ildə hərbi çevrilişdən sonra israrla İhsan Doğramacının vətənə dönməsini xahiş edirlər.

Deyirlər dahilər zamanında dərk olunmurlar. Bəlkə də bu dahi şəxsiyyətə hərdən qeyri-obyektiv münasibət bununla bağlı olmuşdur, bilmirəm. Bir onu bilirəm ki, İhsan Doğramacının sayəsində 1982-ci ildə universitetlərin sayı 19-dan 27-ə və bu gün 57-yə çatmışdır. Doğramacının həm Qərbi, həm də Şərqi öz varlığında birləşdirməsi, ehtiva etməsi, yaratdığı universitetlərdə də öz əksini tapmışdır.

Bəzi elm adamlarının qənaəti belədir ki, reformatçı, yenilikçi Doğramacının dəyəri özündən sonra daha ətraflı şəkildə dərk ediləcəkdir. Bu qənaət bizi tam qane etmir. İhsan Doğramacı dünyanın dörd bir yanında ayaq üstə alqışlarla qarşılanır. Haqqında neçə-neçə kitablar yazılıb. «Uşaqlar qəlbində, gənclər beynində» adlı kitab (Ankara, 2003) alimin dünya səhiyyəsinə xidmətinin 65 illiyinə həsr olunub. Kitab türk ingilis, fransız, rus, alman, polyak dillərində çıxıb. Kitabı «Dünya Sağlamlıq Təşkilatı»nın (Cenevrə nümayəndəsi) Tomris Turmen və «Beynəlxalq Pediatriya Cəmiyyəti»nin (Boston) nümayəndəsi Ceyn Şaller hazırlamışlar. Kitabda dünyanın bir çox görkəmli şəxsiyyətlərinin, o cümlədən Heydər Əliyev, Süleyman Dəmirəl, Kofi Anan, Hikmət Çətin, Vecdi Könülün məqalələri yer alır. Öndərimiz Heydər Əliyevin «Türk dünyasının iftixarı» məqaləsi İhsan Doğramacıya xüsusi ehtiramla yazılmışdır. Şinasi Özsoylunun «İhsan Doğramacı ilə 40 il» (Ankara, 1995), Muvaffak Akmanın «Yaşantımda Hacəttəpə və sonrası» (Ankara, 1995) və Cəlal Ərtuqun haqqında əvvəldə danışdığımız kitabları İhsan Doğramacının bir insan, alim, təşkilatçı kimi məziyyətlərini açıb göstərmək baxımından maraq doğurur. Təbii ki, İhsan Doğramacının özünün də bir görkəmli alim kimi müxtəlif dillərdə təkrar-təkrar çap olunan monoqrafiyaları, çoxsaylı məqalələri vardır. Onun «Uşaqlara qayğı» kitabı Türkiydə üç dəfə kütləvi tirajla çap edilmiş, anaların stolüstü kitabına çevrilmişdir. Dünya şöhrətli alim uzun illər ABŞ, İngilətərə, Almaniya və İsveçrədə çıxan tibbi jurnalların redaktoru olmuşdur.

İhsan Doğramacının təşəbbüsü   ilə bizim üçün çox əziz olan bir kitab da işıq üzü görmüşdür. Öndərimiz Heydər Əliyevə həsr olunan bu kitab «Böyük dövlət adamı» adlanır. Həddən artıq nəfis şəkildə tərtib və nəşr edilən kitab öndərimizə dərin məhəbbət və xüsusi ehtiramla yazılmışdır. Kitabda İhsan Doğramacının məqaləsi ilə yanaşı, Heydər Əliyevi «Yeni böyük Atatürk» adlandıran Süleyman Dəmirəl, Hikmət Çətin, Mehmet Nuri Yılmaz, Namik Kamal Zeybək, Yüksel Bozər, Əli Doğramacı, Məmməd Əliyev, Nizami Cəfərov kimi görkəmli siyasi, ictimai və elm xadimlərinin maraqlı məqalələri yer alır.

Bir aysberqə bənzər İhsan Doğramacı haqqında düşüncələrimi sona verərkən yaddaşıma müdriklərdən eşitdiyim «Dünya vaxtı  ciddi işlərə   sərf edənlər, saatların yox, dəqiqələrin belə  qədrini bilənlərindir» və «Tarix qurub-yaradanları  yaşadır» kəlamları gəldi. Xocamızın gördüyü möhtəşəm   işlərə sanki işıq tutan bu kəlamların işığında aydınca gördüm ki, Türk dünyasının tarixdə qalacaq görkəmli şəxsiyyətləri sırasında İhsan Doğramacının məxsusi yeri vardır.

 

 

 

 

Print Friendly, PDF & Email
PaylaşShare on Facebook8Share on Google+0Tweet about this on TwitterShare on LinkedIn0Email this to someone

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir