YORGUN ÜRƏYİMİN YUXUSU GƏLİR

YORGUN ÜRƏYİMİN YUXUSU GƏLİR
Səyahət edirəm bezən qəlbimə,
Ağacı qırılmış bağlar görürəm.
Uzaqdan qəlbimə nəzər salanda,
Kədərdən ucalan dağlar görürəm.
***
Bəzən oralara yaz erkən gəlir,
Açır addımbaşı tər bənövşələr.
Mənim gözlərimdə bulaq qaynayır,
Dağlar gözyaşımdan xəbərsizdilər.
***
Sahilsiz dəniz var sinəmdə sanki,
Dəryadan dərindir o dəniz məndə.
Məni əzizləyir, məni oxşayır,
Sanki lay-lay çalır ləpələrində.
***
Ömrün unudulmaz anları vardır,
Unuda bilməzsən keçsə də zaman .
Necə qəribədir həyat, ilahi…
Ağrı-acıya da alışır insan.
***
Həsrət adasında qalan sevgimin,
Şirin xatirədən qoxusu gəlir.
Öz eşqim, öz əqlim çox yorub məni,
Yorğun ürəyimin yuxusu gəlir.
***
Səadət Qərib